"Zəngəzur dəhlizi də açılacaq" - Məlahət İbrahimqızı ilə MÜSAHİBƏ

12:25 07.08.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Heç bir ölkə istəməz ki, qonşu dövlətin Ana Yasasında onun ərazilərinə qarşı iddia olan müddəa yer alsın”

Regionun geosiyasi mənzərəsi bir tərəfdən ABŞ, digər istiqamətdən Rusiya, başqa yöndən də  Fransanın bölgəyə yanaşması ilə öz ahəngini dəyişə bilər. Regionun, az qala, böyük güclərin uğrunda savaş açdıqları “poliqon”a çevrilmə ehtimalı istisna edilmir.

Bu dəfə tam fərqli şəkildə… Müsahibimiz Milli Məclisin deputatı Məlahət İbrahimqızıdır.

 - Bu gün regionumuz sanki mübarizə meydanına çevrilib. Biz keçmiş ATƏT-in Minsk qrupundan imtina edilməsi şərtilə çıxış edirik, amma həmin qurumda olan dövlətlər yenə də öz ampluasındadır. Mövcud vəziyyəti necə dəyərləndirərdiniz?

-  Düşünürəm ki, 2020-ci ildə baş verən 44 günlük Vətən savaşından sonra Azərbaycan dövlət rəhbərinin apardığı strateji, proqram xarakterli siyasəti qeyd etdiyiniz həmin güclərin bölgəmizi poliqona çevirmək cəhdlərinin təzyiqini zəiflədib. Azərbaycan regionun lider dövlətidir və bölgənin təhlükəsizliyinin, davamlı inkişafının qarantıdır. Dövlət başçımız müharibə bitən kimi bütün dünyaya bəyan etdi ki, artıq bölgə tarixinin yeni səhifəsi açılır: təhlükəsizlik, sülh-barış, xoş qonşuluq-əməkdaşlıq və davamlı inkişaf… Bölgəmiz silahlı qarşıdurma üçün poliqona çevrilə bilməz. Dünyanın supergücləri, maraqlı dövlətlər öz mənafelərinin təmin olunması ilə bağlı bir sıra cəhdlər göstərməkdə davam edirlər.

Böyük dövlətlərin regionu nəzarətə götürmək, idarə etmək istəyi təzə xəbər deyil. Hələ XIX-XX əsrlərin əvvəlində Xəzər dənizində ilk neft çıxandan bu günə qədər dünyanın imperialist gücləri Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışıblar. Bir yandan Avropa ölkələri, Amerika, İngiltərə, fars-İran İmperiyası, eləcə də Rusiya tarixən bu cür sovurucu mövqedən çıxış ediblər. SSRİ dağıldıqdan sonra da həmin güclər Cənubi Qafqazı qazanmaq üçün hər cür oyunlara girib, müxtəlif addımlar atdılar. Sovetlər İttifaqı dağıldıqdan sonra, I Qarabağ müharibəsi başladı, mənfur işğalçı Ermənistan və onu dəstəkləyən qüvvələrin vasitəsilə 20 faiz torpaqlarımız 30 il işğal altında qaldı. Ondan sonra məsələ beynəlxalq gündəliyə daxil edildi. ATƏT-in Minsk qrupu yaradıldı və həmin quruma yenə də Rusiya, Fransa, Amerika həmsədr dövlətlər olaraq daxil oldular. Yəni ATƏT-in Minsk qrupu bu gün  ölü qurum olsa da, Cənubi Qafqazda tarixi ənənələrdən qaynaqlanaraq öz itirilmiş mövqelərini qazanmaq üçün cəhdlər edirlər.

- ABŞ dövlət katibi Marko Rubio Fransa xarici işlər naziri Jan-Noel Barro ilə telefon danışığı aparıb. Rubio fransalı həmkarı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması prosesini müzakirə edib. ABŞ Fransanı nəyə razı salmağa çalışır?

- Fransa-Makron hakimiyyəti Azərbaycanla münasibətləri tamamilə korlayıb. Emmanuel Makron Fransada hakimiyyətə gələnə qədər bu dövlətin ikilistandartlı, ermənipərəst mövqeləri bizi narazı salsa da, ikitərəfli formatda əməkdaşlq normal davam edirdi. Fransa Minsk qrupu çərçivəsində həmişə ermənipərəst mövqe göstərib. İndi Fransanın Ermənistandakı səfiri, guya, Minsk qrupu çərçivəsində ölkəsinin obyektiv mövqe göstərdiyini nümayiş etdirməyə çalışır. Bu yalandır...

Beynəlxalq media Fransanın ermənipərəst mövqeyini yaxşı bilir. Xüsusilə də müharibədən sonra Fransa özünü biabır etdi. Fransanın Azərbaycanın zərərinə olan başqa planları da ola bilər. Ola bilər ki, Makron hakimiyyəti sülh sazişinə imza atmaq üçün Paşinyana təzyiq edir. Ermənistan  Fransanın təzyiqi ilə üzləşməsəydi, Minsk qrupunun ləğv olunmasını istəyərdi. Ona görə də Paşinyan Fransanın təzyiqləri ilə təzadlı fikirlər səsləndirir. Paşinyan gah konstitusiyada dəyişiklik edilməsinin zəruriliyindən danışır, sonra da fikrini dəyişir. Burada erməni lobbisinin də təsiri var. Erməni lobbisi Ermənistan hakimiyyətindən də güclüdür.

- Bəs, digər “həmsədr” dövlətləri, xüsusilə də Rusiyanı Azərbaycanla münasibətlərində kəskinləşdirən  səbəblər nədir?

- Rusiya ilə ABŞ Qarabağ məsələsində nə qədər bizi narazı salan tərəflər olsalar da, hər iki ölkə ilə əməkdaşlıqlarımız olub. Rusiya ilə 200-300 illik ortaq tariximiz, keçmişimiz var. Bu dövlətlərin xalqları istər Çar Rusiyası, istər Sovetlərin dövründə bir yerdə yaşamış, öz mədəniyyətlərini bölüşmüşlər. Rusiya-Azərbaycan arasında çox yaxın, ikitərəfli formatda münasibətlər var. Azərbaycan Prezidenti 2021-ci ildə Moskvaya getdi və  orada Azərbaycan-Rusiya arasında strateji əməkdaşlıq müqaviləsi bağlandı. Məhz bu müqavilə çərçivəsində iki dövlət arasında tarixdə görünməmiş əməkdaşlıq platforması formalaşdırıldı.

- Rusiya ilə Azərbaycan arasında bu qədər tarixi yaxınlıq və əməkdaşlıq olduğu halda, niyə qarşı tərəfin dövlət agentlikləri, siyasiləri Azərbaycanın dövlət suverenliyinə qarşı təxribatçı çıxışlar edirlər? Rusiya bununla nəyə nail olmağa çalışır?

- Rusiyanın son bir ildə Azərbaycana qarşı kəskin, qıcıqlandırıcı yanaşmasının arxasına çox məqam dayanıb.  Bir qədər əvvəl bəzi məqamlara toxundum: imperialist siyasət, ağalıq etmək… Azərbaycan istər Ulu Öndərin vaxtında, istərsə də hazırkı dövlət başçımızın dönəmində hər zaman balanslaşdırılmış siyasət həyata keçirib. Azərbaycanın xarici siyasətinin ən üstün cəhətlərindən biri qonşu dövlətlərlə problemsiz əməkdaşlığın qurulmasıdır. Bu, Azərbaycanın xarici, diplomatik siyasətdə qazandığı ən böyük uğurlardandır.  Azərbaycan dövləti Prezidentinin simasında ölkəmizə qarşı bir aksioma formalaşıb: Azərbaycan beynəlxalq müstəvidə ən etibarlı tərəfdaşdır. Prezidentin sözləri ilə ifadə etsək, ali rəhbərin sözü imzası qədər hökmlüdür. Bu mənada, Azərbaycan müstəqil, balanslaşdırılmış siyasət yeridir. Gürcüstan-Rusiya müharibəsində, hətta Azərbaycan bir yol xəritəsi irəli sürdü. Bəyan etdi ki, Azərbaycan Rusiya və Gürcüstanla yaxın qonşu, dost dövlətdir. Biz istəyirik ki, dostlarımz da bir-biri ilə dost olsunlar.

Azərbaycanın dövlət başçısı bu münasibəti Ukrayna kimi digər dost dövlətlərə də şamil edir.Yəni Prezidentimiz bu prinsipial xarici siyasətini hər zaman həyata keçirib və uğurla nəticələnib.

Rəsmi Rusiyanın Azərbaycana qarşı çılğın siyasət aparması nə qəbul edilən, nə də  anlaşılandır. Dünyanın heç bir gücü Azərbaycanla diqtə dili ilə danşa bilməz.

Azərbaycan qlobal enerji təhlükəsizliyi üçün çox böyük töhfə verir. Azərbaycan Orta Dəhlizin ən önəmli xəttində dayanır. Azərbaycan Şərqlə-Qərb arasında ən önəmli strateji məkan qurub. Hansı ekstremal vəziyyət yaranarsa, ölkəmiz böhranı aradan qaldırmaq üçün Şimal-Cənub, Şərq-Qərb arasında nəqliyyat tağını qura bilir.

- Rusiya ilə mövcud gərginlik, geosiyasi proseslər Zəngəzur dəhlizinin açılmasına və Azərbaycanın bu layihədə yerini və rolunu layiqincə tutub-qorumasına hansı perspektiv və imkanlar yaradır?

- Azərbaycan “Bir kəmər, bir yol” layihəsi üzərindən bütün yollar üzrə şaxələndirilmiş nəqliyyat şəbəkəsi yaradıb. Torpağın səltənəti olan neft, qaz bir gün qurtara bilər. Yollar, nəqliyyat şəbəkəsi varsa, daim hərəkətdə olacaq və gəlir gətirəcək. Neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu istismara verildi. Bu yolda yükdaşıma qabiliyyəti artırılıb. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı açılıb və ildən-ilə yükdaşımaların gücü artırılır.

Zəngəzur dəhlizi də açılacaq. Zəngəzur dəhlizinin açılması ilə Avropanın, Asiyanın, Şərq-Qərbin, Cənub-Şimalın iqtisadi imkanlarına yeni güc verəcəyi göz qabağındadır. Ona görə də hansı dövlət olur-olsun, bu gün Azərbaycanla diqtə dili ilə danışa bilməz. Azərbaycanla ikitərəfli, bərabərhüquqlu səviyyədə əməkdaşlıq edilə bilər. Dövlətimiz və onun siması olan Prezidentimiz hər zaman əməkdaşlığa açıqdır və bunu bütün müstəvilərdə - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiya ölkələri ilə qurulan bütün platformalarda özünun nə qədər etibarlı tərəfdaş olduğunu göstərib. Rusiya bunu dərk etməli və müxtəlif dönəmlərdə Azərbaycana hökm edərək onu istədiyi şəkildə idarə edib, istismarçı xəyallarından uzaqlaşmalıdır. Dövr başqadır və Azərbaycan müstəqil, suveren dövlət kimi dünya gücləri tərəfindən qəbul olunur. Bu, vaxtilə “böyük qardaşlıq” edən Rusiyanı nə narahat etməli, nə də qıcıqlandırmalıdır.

- Azərbaycan Prezidenti ABŞ-a səfər edib. Regionla bağlı vəziyyət, Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması istiqamətində nələr gözlənilir? Vəziyyəti necə şərh edərdiniz?

- Yerli və xarici mətbuat Trampın Azərbaycan-Ermənistan liderlərinin Ağ ev görüşündən danışır. Biz bu görüşə böyük ümidlər bəsləyirik. Hər halda deyildiyi kimi, Donald Tramp prezident seçildikdən sonra, həqiqi mənada, dünyada barışın olmasına cəhdlər edir. Dünyada mövcud olan konfliktlərin həll olunmasına çalışır. Nümunə kimi Konqo və Ruanda, Tailand və Kamboca, Pakistan və Hindistan arasındakı münaqişələr qeyd olunur. Tramp, eləcə də Orta Şərqdə terrorizmə qarşı mübarizədə Türkiyəni dəstəkləyib. Eləcə də Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına çalışır. Bugünkü ABŞ administrasiyası sülh müqaviləsinin bağlanmasının tərəfdarıdır. Tramp Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul edir. Ölkəmizin ərazi bütövüyünü tanıdığını deyir. Tramp birinci hakimiyyəti dövründə də bu istiqamətdə fikirlərini səsləndirib. O, Azərbaycanın Cənubi Qafqazda, Avropa məkanında önəmini, əhəmiyyətini yüksək dəyərləndirib. Ona görə də baş tutacaq görüşdə Trampın məsələyə ədalətli yanaşacağına ümidvarıq. Tramp dövlət başçımızın sülh müqaviləsinin bağlanmasına iki açar şərtin yerinə yetirilməsinə imkan yada bilər. Birinci şərt, ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Haqlı, ədalətli tələbdir. 30 ildə Minsk qrupu turist təşkilatı kimi fəaliyyət göstərdi. Azərbaycanın başını aldadaraq işğalçılara vaxt qazandırdı. İşğalçılar Qarabağda o qədər möhkəmləndilər ki, biz bunu 44 günlük müharibədə hiss etdik. Erməni separatçıları Qarabağa, ətraf rayonlarımıza milyondan çox mina basdırdı. Ermənistandan didərgin salınan qərbi azərbaycanlıların qeyri maddi-mədəni irsinin erməni vandallığı ilə dağıdıldığını gördük. Bütün bunlar ATƏT-in Minsk qrupunun erməni işğalçılarına vaxt qazandırması, onların cinayətlərinə göz  yumması hesabına baş verdi. Məqsəd Cənubi Qafqazdan, Ermənistandan, Qarabağdan, Qərbi Azərbaycandan azəbaycanlıların, Azərbaycan toponimlərinin, mədəniyyətinin izini silmək idi.

Ermənilərin Azərbaycana qarşı törətdikləri cinayətlərə görə Minsk qrupu da məsuliyyət daşıyır. Ona görə də xalqımız Minsk qrupunu əhəmiyyətsiz hesab edir. Xalq, dövlət öz torpaqlarını işğaldan azad edib, Minsk qrupuna ehtiyac qalmayıb. Ona görə də istərdik ki, şərtlərimizdən biri olan Minsk qrupunun ləğv edilməsi ABŞ-də öz müsbət həllini tapsın. 

Digər bir məsələ var… Heç bir ölkə istəməz ki, qonşu dövlətin Ana Yasasında onun ərazilərinə qarşı iddia olan müddəa yer alsın. Konstitusiya bütün qanunlardan, sazişlərdən üstdə olan ali sənəddir. Sabah Paşinyan hakimiyyətdən gedəcək və başqa bir xain rəhbər gəlib deyəcək ki, o sülh sazişini Paşinyan imzalayıb. Ana yasamızda göstərilən müddəalara uyğun siyasət yürütməliyik. Ona görə də hər iki şərtin əməl olunması vacibdir. ABŞ-də bu şərtlərə əməl olunması ilə bağlı Ermənistandan söz alınarsa, sülh müqaviləsinin imzalanmasına təkan olacaq. Ermənistan bu şərtlləri yerinə yetirmək üçün gecikməməlidir…